Xəbərin məzmunu

“İxrac icmalı”nın oktyabr sayı açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayını təqdim edib. İcmala əsasən, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 26,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,6% artaraq 2,4 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 616,3 milyon ABŞ dollarına bərabər olub.


Cari ilin ilk 9 ayı ərzində spirtli və spirtsiz içkilərin ixracı 3,3 dəfə, elektrik enerjisi 2,7 dəfə, qara metallardan məmulatların ixracı 34,3%, meyvə-tərəvəz ixracı isə 7,1% artıb.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 8,4% artaraq 641,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4% artaraq 145,9 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (330,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (124,3 milyon ABŞ dolları) ikinci, qızıl (101,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 787,3 milyon ABŞ dolları, Türkiyəyə 631,8 milyon ABŞ dolları, Gürcüstana 240,4 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 112,5 milyon ABŞ dolları, Qazaxıstana isə 78,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Cari ilin sentyabr ayının qeyri-neft ixracı 223,89 milyon ABŞ dolları olub. Bunun da 44,9 milyon ABŞ dollarını yeyinti məhsulları üzrə ixrac, 178,9 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.

2023-cü ilin sentyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (65,9 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (45,3 milyon ABŞ dolları) ikinci və İsveçrə (26,2 milyon ABŞ dolları) üçüncü  olub.

2023-cü ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (25,7  milyon ABŞ dolları) birinci, elektrik enerjisi (15,4 milyon ABŞ dolları) ikinci və meşə fındığı (10 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac icmalı”nda qeyd edilib ki, 2023-cü ilin oktyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 18,4 milyon ABŞ dolları olub.

“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-sentyabr aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib. Bu reytinqə əsasən, qeyd olunan dövrdə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunub: Şirinov Elvin Valeh oğlu, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Best Logistik” MMC,  “STP Global Cable” MMC, “P-Aqro” MMC,  “My Fruit” MMC, “Mega Fruit Az” MMC, “Mors Trading” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunur: ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti.

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 46 ölkəsinə 14,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 45 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4,1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,1 milyon ABŞ dolları ilə Lüksemburq, 1,2 milyon ABŞ dolları ilə BƏƏ,  815 min ABŞ dolları ilə Almaniya və 572 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

2023-cü ilin yanvar-sentyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 1,6 milyard manat, yalnız sentyabr ayında isə 186,2 milyon manat dəyərində əməliyyat aparılıb.