Xəbərin məzmunu

İİTKM “İxrac icmalı”nın may sayını təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın may sayına əsasən, 2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ümumi ixracı 12,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,2 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,2% artıb. 2023-cü ilin yanvar-aprel ayları ərzində yeyinti məhsulları üzrə ixrac 236,2 milyon ABŞ dollarına bərabər olub.


2023-cü ilin yanvar-aprel ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 6,4 dəfə, şəkər ixracı 37,6% artıb.

2023-cü ilin yanvar-aprel ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,1% artaraq 248,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8% artaraq 74,7 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (313,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (54,2 milyon ABŞ dolları) ikinci, meşə fındığı (47,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 

2023-ci ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 405,4 milyon ABŞ dolları, Rusiya Federasiyasına 285,2 milyon ABŞ dolları, Gürcüstana 142,6 milyon ABŞ dolları,  İsveçrə Konfederasiyasına 49,2 milyon ABŞ dolları, Qazaxıstana isə 34,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Bu ilin aprel ayının qeyri-neft ixracı 275 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac 66,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 208,7 milyon ABŞ dollarına bərabər olub.

2023-cü ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (84,5 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (65,5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (33,4 milyon ABŞ dolları) üçüncü  olub.

2023-cü ilin aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (32,6 milyon ABŞ dolları) birinci, pomidor (tomat)  (23 milyon ABŞ dolları) ikinci və qızıl (18,9 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac icmalı”nda göstərilib ki, 2023-cü ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 9,7 milyon ABŞ dolları olub.

“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-aprel aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2023-cü ilin yanvar-aprel ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” QSC, “STP Global Cable” MMC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, Şirinov Elvin Valeh oğlu, “Mors Trading” MMC, “Best Logistik” MMC, “Khan-El” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC  başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunur: ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Şəki Şərab” MMC, “Azəripək” MMC.

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 42 ölkəsinə 6,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77  faizini təşkil edib. 2023-cü ilin aprel ayında isə “Azərkosmos” dünyanın 41 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,4 milyon ABŞ dolları ilə Lüksemburq, 595,9 min ABŞ dolları ilə BƏƏ, 339,8 min ABŞ dolları ilə Almaniya və 291,3 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.

2023-cü ilin yanvar-aprel aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 677,9 milyon manat, yalnız aprel ayında isə 126 milyon manat dəyərində əməliyyat aparılıb.