Xəbərin məzmunu

“İxrac icmalı”nın dekabr sayı yayımlanıb

“İxrac icmalı”nın dekabr sayına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi ixracı 36,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,7 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on bir ayı ilə müqayisədə 14% artıb. 2022-ci ilin yanvar-noyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 77,4%, alüminium və ondan hazırlanan məmulatların ixracı 23%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3%, çay ixracı isə 43% artıb.


Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 802,4 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5% artıb.

2022-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  karbamid (198,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (161,1 milyon ABŞ dolları) ikinci, qızıl (156,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 

2022-ci ilin yanvar-noyabr ayları ərzində Rusiya Federasiyasına 820 milyon ABŞ dolları, Türkiyəyə 630,5 milyon ABŞ dolları, Gürcüstana 183 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 166,5 milyon ABŞ dolları və Qazaxıstana isə 89,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2022-ci ilin noyabr ayının qeyri-neft ixracı 302,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin noyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 126,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 175,7 milyon ABŞ dollarına bərabər olub.

2022-ci ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (132,9 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (48 milyon ABŞ dolları) ikinci və Gürcüstan (18,5 milyon ABŞ dolları) üçüncü olub.

2022-ci ilin noyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında emal olunmamış aşqarlanmamış alüminium (19,8 milyon ABŞ dolları) birinci, karbamid (16,9 milyon ABŞ dolları) ikinci və pomidor (tomat) (13,7 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-noyabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2022-ci ilin yanvar-noyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Rose Servis” MMC, “Almeyvə” MMC, Şirinov Elvin Valeh oğlu, “Baku Steel Company” MMC, “Mors Trading” MMC,  “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MM, “STP Alüminium” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərenerji” ATSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərtütün” ASC, “Geofizika və Geologiya İdarəsi”.

2022-ci ilin yanvar-noyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 41 ölkəsinə 24 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82 faizini təşkil edib. 2022-ci ilin noyabr ayında isə “Azərkosmos” dünyanın  34 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-noyabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 5,3 milyon ABŞ dolları ilə Fransa, 4 milyon ABŞ dolları ilə Lüksemburq, 2,1 milyon ABŞ dolları ilə BƏƏ və 1,3 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.

2022-ci ilin noyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 158,1 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-noyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 2 milyard manatlıq əməliyyat aparıblar.

2022-ci ilin yanvar-noyabr aylarında Azexport.az portalına 424,5 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin noyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,9 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin noyabr ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tütün, şərab, kərə yağı, qarğıdalı yağı, şəkər, fındıq ləpəsi, qara çay, kosmetik vasitələr, boya və s. məhsullar üstünlük təşkil edib.  Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 noyabr tarixinə kimi (71 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 3,1 milyard ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin dekabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 40 milyon ABŞ dolları olub.