Xəbərin məzmunu

Qeyri-neft sektoru üzrə ixrac 19% artıb

“İxrac icmalı”nın sentyabr sayına əsasən, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracı 26,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,9 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin ilk səkkiz ayı ilə müqayisədə 19% artıb.


2022-ci ilin yanvar - avqust ayları ərzində kimya sənayesi məhsullarının ixracı 3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 21,1% artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 537,8 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2%-ni təşkil edib. 2022-ci ilin müvafiq dövrü ərzində yeməli meyvələr və qoz-fındığın ixracı 25,1% artaraq 227,7 milyon ABŞ dolları, tərəvəz ixracı isə 180,5 milyon ABŞ dolları təşkil edib. Aqrar məhsullar strukturunda 3,4%-lik paya malik tütün və tütünün sənaye əvəzediciləri ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 15 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artıb. Aqrar-sənaye məhsullarının strukturunda 8,6%-lik paya malik çay ixracı 53,9% artaraq 8,5 milyon ABŞ dolları təşkil edib. Sənaye məhsullarının hərəkətverici qüvvəsi hesab edilən bitki və heyvan mənşəli piylər və yağlar 8,4% artaraq 20,9 milyon ABŞ dolları səviyyəsinə çatıb.

2022-ci ilin avqust ayı üzrə ixrac 3,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 204 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin avqust ayı ərzində yeyinti məhsulları üzrə ixrac 21,5% artaraq 46,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 157,4 milyon ABŞ dolları təşkil edib.