Xəbərin məzmunu

“İxrac icmalı”nın avqust sayı təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın avqust sayına əsasən, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 22,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,7 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin ilk yeddi ayı ilə müqayisədə 24,2% artıb.


2022-ci ilin yanvar-iyul ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% artaraq 376,9 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 3,6 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 99%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28,1%, pambıq lifi ixracı 5,4%, çay ixracı isə 57,2% artıb.

2022-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (140,3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (134,1 milyon ABŞ dolları) ikinci, karbamid (121,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 

2022-ci ilin yanvar-iyul ayları ərzində Rusiya Federasiyasına 462,2 milyon ABŞ dolları, Türkiyəyə 462,2 milyon ABŞ dolları, Gürcüstana 107,6 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 101 milyon ABŞ dolları və ABŞ-a isə 59,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2022-ci ilin iyul ayı üzrə ixrac 4,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 17,2% təşkil etməklə 224,6 milyon ABŞ dolları olub. 2022-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac 43,7% artaraq 61,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 9,5% artaraq 162,9 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (80,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (33,8 milyon ABŞ dolları) ikinci və Gürcüstan (19,4 milyon ABŞ dolları) üçüncü olub.

2022-ci ilin iyul ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (23,1 milyon ABŞ dolları) birinci, ilkin formalı polipropilen (16 milyon ABŞ dolları) ikinci və şaftalı meyvəsi (14,8 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-iyul aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2022-ci ilin yanvar-iyul ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “STP Alüminium” MMC, “P-Aqro” MMC, “Şimal AqroPark” MMC, “Rose Servis” MMC, “Almeyvə” MMC, “Mors Trading” MMC, “ZR-78 Company” MMC, Şirinov Elvin Valeh oğlu.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti.

2022-ci ilin yanvar-iyul aylarında “Azərkosmos” tərəfindən dünyanın 35 ölkəsinə 15,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 faizini təşkil edib. 2022-ci ilin iyul ayında isə “Azərkosmos” dünyanın 30 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-iyul ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 3,9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,2 milyon ABŞ dolları ilə Fransa, 2,6 milyon ABŞ dolları ilə Lüksemburq, 1,4 milyon ABŞ dolları ilə BƏƏ və 0,8 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.

2022-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 213,6 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-iyul aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,3 milyard manatlıq əməliyyat aparıblar

2022-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına 288,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin iyul ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 40 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin iyun ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin şərab, meyvə şirəsi, tomat, mineral su, tütün, fındıq ləpəsi, fındıq qabığı, biyan kökü, toyuq əti, şaftalı, mühərrik yağı, tibbi zəli, və s. məhsullar üstünlük təşkil edib.  Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 iyul tarixinə kimi (67 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,98 milyard ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20,9 milyon ABŞ dolları olub.