News content
“İxrac icmalı”nın iyul sayına əsasən, 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-iyun ayları ərzində yeyinti məhsulları üzrə ixrac 459,9 milyon ABŞ dollarına bərabər olub.
2023-cü ilin yanvar-iyun ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 5,5 dəfə, şəkər ixracı 53,1%, meyvə-tərəvəz ixracı isə 6,8% artıb.
2023-cü ilin yanvar-iyun ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 13,1% artaraq 478,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,1% artaraq 109,2 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (314,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (120,7 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (68,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2023-cü ilin yanvar-iyun ayları ərzində Rusiya Federasiyasına 552,3 milyon ABŞ dolları, Türkiyəyə 512,5 milyon ABŞ dolları, Gürcüstana 180,3 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 68,6 milyon ABŞ dolları, Qazaxıstana isə 58 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2023-cü ilin iyun ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artaraq 307,6 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 4,9% artaraq 125,5 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 20,8% artaraq 182,1 milyon ABŞ dollarına bərabər olub.
2023-cü ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (148,3 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (47,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan (19,1 milyon ABŞ dolları) üçüncü olub.
2023-cü ilin iyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında albalı və gilas (40,1 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (29,3 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (18,3 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac icmalı”nda göstərilib ki, 2023-cü ilin iyul ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 22,6 milyon ABŞ dolları olub.
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-iyun aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
2023-cü ilin yanvar-iyun ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunur: “MKT İstehsalat Kommersiya” MMC, Şirinov Elvin Valeh oğlu, “Baku Steel Company” QSC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Best Logistik” MMC, “STP Global Cable” MMC, “P-Aqro” MMC, “My Fruit” MMC, “Almeyvə” MMC, “Mega Fruit Az” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə “Azərenerji” ATSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunur: ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəripək” MMC, “ASK Tütün” MMC.
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 43 ölkəsinə 9,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin iyun ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2023-cü ilin yanvar-iyun ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 2,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,1 milyon ABŞ dolları ilə Lüksemburq, 837,7 min ABŞ dolları ilə BƏƏ, 522,2 min ABŞ dolları ilə Almaniya və 444,4 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.
2023-cü ilin yanvar-iyun aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 999,9 milyon manat, yalnız iyun ayında isə 148,6 milyon manat dəyərində əməliyyat aparılıb.
Latest news