News content

“İxrac icmalı”nın oktyabr sayı təqdim olunub

“İxrac icmalı”nın oktyabr sayına əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin doqquz ayı ilə müqayisədə 17% artıb.


2022-ci ilin yanvar-sentyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2,4 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 38%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 20,7% artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 591,5 milyon ABŞ dolları təşkil etmişdir. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,9%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artıb.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  karbamid (163,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (147,1 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (134,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 

2022-ci ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 602,2 milyon ABŞ dolları, Türkiyəyə 511,6 milyon ABŞ dolları, Gürcüstana 144,6 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 136,3 milyon ABŞ dolları və ABŞ-a isə 63,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2022-ci ilin sentyabr ayı üzrə ixrac 3,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 231,2 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin sentyabr  ayı ərzində yeyinti məhsulları üzrə ixrac 7,4% artaraq 49,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 1,7% artaraq 181,6 milyon ABŞ dollarına bərabər olub.

2022-ci ilin sentyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (74,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (20,5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (18,5 milyon ABŞ dolları) üçüncü  olub.

2022-ci ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (21,4 milyon ABŞ dolları) birinci, karbamid (21,3 milyon ABŞ dolları) ikinci və qızıl (18,4 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-sentyabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2022-ci ilin yanvar-sentyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” MMC, “Mors Trading” MMC,  “Almeyvə”, “STP Alüminium” MMC, Şirinov Elvin Valeh oğlu, “P-Aqro” MMC, “Rose Servis” MMC, “Şimal AqroPark” MMC. 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti.

2022-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 38 ölkəsinə 19,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82 faizini təşkil edib. 2022-ci ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın  35 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,9 milyon ABŞ dolları ilə Fransa, 3,3 milyon ABŞ dolları ilə Lüksemburq, 1,8 milyon ABŞ dolları ilə BƏƏ və 1,1 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.

2022-ci ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 155,5 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,7 milyard manatlıq əməliyyat aparıblar.

2022-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 356,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin sentyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 35,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin sentyabr ayında Azexport.az portalına edilən ixrac sifarişlərində alma, xurma, qoz, pomidor, qurudulmuş meyvə, kərə yağı, mühərrik yağı, tikinti materialları, aliminium ərintiləri, buğda kəpəyi, düyü, nar, fındıq və s. məhsullar üstünlük təşkil edib. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 sentyabr tarixinə kimi (69 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 3,048 milyard ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin oktyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 19,7 milyon ABŞ dolları olub.