News content

2022-ci ildə qeyri-neft ixracı 3 milyard ABŞ dolları olub

“İxrac icmalı”nın yanvar sayına əsasən, 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 3 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on iki ayı ilə müqayisədə 10,3% artıb.


2022-ci ilin yanvar-dekabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 57,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5%, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4%, çay ixracı isə 35,6% artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93%-ni təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4% artıb.

2022-ci ilin dekabr ayının qeyri-neft ixracı 303,5 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 105,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 197,9 milyon ABŞ dollarına bərabər olub.